“İran müharibəsinin sonu bir neçə ssenari üzrə qiymətləndirilə bilər, lakin hazırkı geosiyasi kontekst diplomatik razılaşmanın uzunmüddətli qarşıdurmaya nisbətən daha real variant olduğunu göstərir”.
Bunu Hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq hesab edir ki, hər iki tərəf iqtisadi, siyasi və hərbi baxımdan resurslarını balanslaşdırmalı və beynəlxalq təzyiqləri nəzərə almalıdır:
“Diplomatik çıxış yolunun üstünlüyü həm beynəlxalq normativ çərçivəyə uyğunluğunda, həm də regionda sabitliyin qorunmasında özünü göstərir. Uzunmüddətli qarşıdurma isə tərəflərin daxili siyasətində radikal qrupların güclənməsinə, resurs itkilərinə, regional aktorların müdaxiləsinə səbəb olaraq vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Məsələ burasındadır ki, hərbi konfliktlərin davamı təkcə münaqişə tərəflərini zəiflətmir, həm də qonşu ölkələr üçün qeyri-sabitlik və humanitar böhran riskini artırır”.
R.Bayramov eyni zamanda qeyd edir ki, müharibənin uzanması region ölkələrinin, xüsusilə Azərbaycanın təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, Azərbaycanın coğrafi yaxınlığı və iqtisadi inteqrasiyası nəzərə alındıqda, hərbi əməliyytaların davam etməsi və ya daha da genişlənməsi ticarət yollarının pozulmasına, enerji və nəqliyyat infrastrukturlarına risklərin yaranmasına gətirib çıxara bilər:
“Bundan əlavə, müharibə nəticəsində qaçqın axınları, silahlı qrupların sərhəd bölgələrinə nüfuzu və terror təhdidləri kimi yeni təhlükələr formalaşa bilər. Region ölkələrinin müdafiə strategiyaları da münaqişənin tempi və intensivliyi ilə birbaşa əlaqəlidir. Başqa sözlə desək, uzunmüddətli qarşıdurma regional hərbi əməkdaşlıq və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini zəruri edir, lakin bu həm də iqtisadi və siyasi resursların itirilməsinə səbəb olur.
Sülh yolu ilə həll üçün beynəlxalq cəmiyyətin fəal rolu vacibdir. İlk növbədə, çoxtərəfli diplomatiya platformalarının gücləndirilməsi zəruridir. BMT, Avropa İttifaqı və digər regional təşkilatlar vasitəsilə hər iki tərəfə təzyiq və təşviq mexanizmləri təmin edilməlidir. İkincisi, danışıqlar prosesinə vasitəçi rolunda neytral ölkələr cəlb edilməlidir ki, tərəflər arasında etimad mexanizmləri formalaşsın. Bu baxımdan, hazırda Türkiyə və Pakistanın bu istiqamətdəki təşəbbüsləri təqdirəlayiqdir. Üçüncüsü, iqtisadi və humanitar təşəbbüslər diplomatik proseslə paralel aparılmalıdır. Həmçinin media və ictimai diplomatiya vasitəsilə sülh mesajlarının təşviqi və tərəflərin daxili auditoriyaları üçün anlaşma faydalarının izahı prosesin davamlılığını təmin edə bilər.
Bütün bu sadalananların həyata keçirilməsi üçün ilk növbədə, müharibənin davam etməsində maraqlı olan tərəflərin bu və ya digər şəkildə cilovlanması lazımdır. Yəni başqa sözlə desək, ABŞ-nin İsraili, İranda isə siyasi liderlərin SEPAH-ı hansısa formada cilovlamasına ehtiyac var. Bu, baş verəcəksə o zaman diplomatik razılaşma əldə etmək də mümkün olacaq.
Bu gün İran-ABŞ müharibəsinin sülh yolu ilə başa çatması həm regionun stabilliyi, həm də qonşu ölkələrin, xüsusilə Azərbaycanın təhlükəsizliyi baxımından prioritetdir. Uzunmüddətli hərbi qarşıdurma həm daxili, həm də regional səviyyədə ciddi riskləri artırır və beynəlxalq aktorların da iştirakını labüd edir”.